Çin Yaponiyadan ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar atacağını gözləyir.
"Report"un Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Van İ Pekində Yaponiya Milli Təhlükəsizlik Şurasının katibi Takeo Akiba ilə yüksək səviyyəli Çin-Yaponiya siyasi dialoqunun mexanizm üzrə məsləhətləşmələr zamanı deyib.
"Yaponiya tərəfi mümkün qədər tez Çin-Yaponiya münasibətlərini yaxşılaşdırmağa ümid etdiyi barədə bəyanatını konkret hərəkətlərə çevirməlidir", - Van İ deyib.
Çinli nazir hazırkı Çin-Yaponiya münasibətləri ilə bağlı Pekinin prinsipial mövqeyini açıqlayıb, onların yaxşılaşdırılması və inkişafı üçün “düzgün yolu göstərib”.
Çinin xarici işlər naziri həmçinin “Fukusima-1” Atom Elektrik Stansiyasından çirklənmiş suyun dənizə buraxılması, Tayvan məsələsiı və digər məsələlərlə bağlı Pekinin mövqeyini, narahatlığını da ifadə edib.