Çin Vilnüsdə Tayvanın nümayəndəliyinin açılmasına görə Litva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edilib ki, Pekinin kəskin etirazına baxmayaraq, Vilnüs Tayvan administrasiyasına müvafiq icazə verib:
“Bununla bağlı kəskin narazılığımızı və etirazımızı bildiririk. Çin tərəfi iki ölkə arasında diplomatik münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəlib”.
Pekin vurğulayıb ki, Vilnüs bu hərəkətləri ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair kommünikedə təsbit olunmuş siyasi öhdəliklərini pozub ki, bu da Çinin suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq, habelə onun daxili işlərinə kobud müdaxilədir.