Çilidə elektrik enerjisinin kəsilməsi səbəbindən komendant saatı tətbiq edilib

Digər ölkələr
  • 26 fevral, 2025
  • 05:37
Çilidə elektrik enerjisinin kəsilməsi səbəbindən komendant saatı tətbiq edilib

Çili hökuməti ölkənin bir sıra bölgələrində elektrik enerjisinin kəsilməsinə görə fövqəladə vəziyyət elan edib və komendant saatı tətbiq olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çilinin daxili işlər naziri Karolina Toa bildirib.

"Respublika Prezidenti bütün zərər çəkmiş bölgələrdə fövqəladə vəziyyət elan etmək qərarına gəldi" - o, mətbuat konfransında deyib.

Daxili İşlər Nazirliyinin rəhbəri təhlükəsizliyin təmin edilməsi üçün əlavə qüvvələrin cəlb olunduğunu da açıqlayıb. "Bu məqsədlə gecə saatlarında hərəkət məhdudlaşdırılacaq. Ona görə də saat 22:00-dan səhər saat 6:00-a kimi komendant saatı tətbiq edirik", - o bildirib.

Çilinin şimaldan cənuba bir neçə bölgəsinə, o cümlədən paytaxta təsir edən kütləvi elektrik kəsintisi çərşənbə axşamı günortadan sonra baş verib. Hakimiyyət orqanları hələ ki, elektrik enerjisinin nə vaxt bərpa olunacağını bilmirlər.