Yuxarı
    Bağlamaq

    Cənubi Koreyada polislə nümayişçilər arasında toqquşma baş verib, ölənlər var

    Onlar keçmiş prezidentin hakimiyyətdən uzaqlaşdırılması haqqında məhkəmə qərarına etiraz ediblər© Courtesy İmage

    Bakı. 10 mart. REPORT.AZ/ Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçmiş prezident Pak Kın Xenin tərəfdarları onun hakimiyyətdən uzaqlaşdırılması haqqında məhkəmə qərarına etiraz olaraq aksiya keçiriblər. 

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, polislə nümayişçilər arasında toqquşma baş verib. Nəticədə 2 nəfər ölüb. Ölənlərdən biri 72 yaşlı kişidir. Onun kəlləsində çoxsaylı zədələr aşkar edilib.

    Xəbərdə bildirilib ki, mitinqdə keçmiş prezidentin tərəfdarları jurnalistlərə də xəsarət yetiriblər.

    Qeyd edək ki, bir müddət əvvəl Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı keçmiş prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanırdı. Rəfiqəsi Çxve Sun Sil sabiq prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən çox şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər. Keçmiş Prezident Pak Kın Xenin də adı korrupsiya qalmaqalında hallandığından ona ötən il dekabrın 9-da impiçmenti elan edilib. Bu il martın 10-da isə Konstitusiya Məhkəməsi sabiq prezidentə impiçmentin təsdiqlənməsi haqqında qərar qəbul edib. Hazırda dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirir.

    Cənubi Koreyada növbədənkənar prezident seçkisinin iki aydan sonra mayın 9-da keçiriləcəyi gözlənilir. Sonuncu rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 78 faizi Pak Kın Xenin prezidentliyinin vaxtından qabaq başa çatmasını dəstəkləyir. Hazırda ölkədə 5 nəfər ölkə prezidenti vəzifəsi uğrunda mübarizə aparacağını açıqlayıb. Onların arasında ən şanslısı müxalifətdə olan “Taburo” Demokrat Partiyasının lideri Mun Çje İn sayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi