Yuxarı

Cənubi Koreya və ABŞ hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqları təxirə salıb

Ekspertlər hesab edir ki, bu məsələdə Çinin narazılığı diqqətə alınıb

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ-a məxsus hava hücumundan müdafiə sistemlərinin Cənubi Koreyada yerləşdirilməsi ilə bağlı danışıqlar təxirə salınıb.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Cənubi Koreyanın Müdafiə Nazirliyinin əməkdaşları bildirib ki, THAAD sistemləri ilə bağlı dialoq "hazırlıq prosesinin yekunlaşmaması" səbəbindən gecikir.

Ancaq ekspertlər hesab edir ki, bu məsələdə Çinin narazılığı diqqətə alınıb.

Çin Xarici İşlər naziri Vanq Yi ötən gün bəyan edib ki, ABŞ-ın Cənubi Koreyaya yerləşdirəcəyi THAAD hava hücumundan müdafiə sistemləri Çin üçün təhlükə yarada bilər.

"ABŞ-ın yerləşdirəcəyi THAAD sistemlərinin təsir dairəsi Koreya yarımadasının ərazisini ötüb keçir və Asiya qitəsinin içərilərinə qədər uzanır. Bu, Çinin və digər Asiya ölkələrinin strateji təhlükəsizlik maraqlarına birbaşa təsir edir”, - XİN rəhbəri bildirib.

Qeyd edək ki, Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsindən sonra Cənubi Koreya hökuməti THAAD sistemlərinin ölkəsində yerləşdirilməsi üçün ABŞ-la danışıqlara hazır olduğunu açıqlamışdı. Vaşinqton və Seul sistemin Cənubi Koreyanı qorumaq üçün hazırlandığını, Çin və ya başqa bir ölkəni hədəf almadığını vurğulamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi