ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb – YENİLƏNİB
- 14 iyul, 2026
- 07:04
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.
"Report"un xəbərinə görə, bu barədə ordunun Mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, beş saatlıq müddət ərzində CENTCOM İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da azaltmaq üçün Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa adası və Bəndər-Abbasa zərbələr endirib.
Əməliyyat zamanı CENTCOM İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına və dəniz infrastrukturuna qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.
Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. CENTCOM bildirib ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırdır.
ABŞ Silahlı Qüvvələri çərşənbə axşamına keçən gecə İrandakı hədəflərə qarşı yeni hücumlara başlayıb.
"Report"un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"(Bazar ertəsi) Şərq vaxtı ilə saat 16:45-də (çərşənbə axşamı, Bakı vaxtı ilə saat 00:45-red.), CENTCOM bölmələri Ali Baş Komandanın göstərişi ilə ardıcıl üçüncü gecə İrana zərbələr endirməyə başlayıblar", - bəyanatda deyilir.
Komandanlıq qeyd edib ki, bu zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum qabiliyyətini azaldacaq.