Ceb Buş Avropa səfərini Estoniyada başa vurub

Ceb Buş Avropa səfərini Estoniyada başa vurub Ceb Buş Ukrayna münaqişəsi və dəyişən geosiyasi reallıqlar kimi mövzuları müzakirə edib
Digər ölkələr
15 İyun , 2015 03:41
Ceb Buş Avropa səfərini Estoniyada başa vurub

Bakı. 15 İyun. REPORT.AZ/ ABŞ-ın Respublikaçılar partiyasının prezident seçkilərindəki ən real namizədi, Florida ştatının keçmiş qubernatoru Ceb Buş Avropa ölkələrinə səfərini Estoniyada başa vurub. "Report"un "Amerikanın Səsinə" istinadən verdiyi xəbərə görə, Ceb Buş Estoniyadan öncə Almaniya və Polşaya səfər edib.

Almaniyadakı görüşlərində amerikalı siyasətçi ABŞ və Avropa arasında münasibətlərin əhəmiyyətindən danışıb.

Tallinə səfəri zamanı Ceb Buş Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzində Baltikyanı ölkələrin iştirakı ilə keçirilən dəyirmi masadakı müzakirələrdə iştirak edib.

Estoniya prezidenti Toomas Hendrik İlveslə də görüşdə Ceb Buş Ukraynada vəziyyət və bunun nəticəsində dəyişən geosiyasi reallıqlar kimi məsələlərə də toxunub.

Avro-atlantik əmkədaşlıq və təhlükəsizlik məsələləri ilə əlaqədar amerikalı siyasətçi Estoniyada elektron sənayesinin inkişafına diqqət göstərib. O, Tallində NATO-nun kiber müdafiə mərkəzində olub. Amerikalı qonaq Estoniyanın texnologiyalar sahəsindəki inkişafına yüksək qiymət verib.

Ceb Buşun iyunun 15-də Respublikaçılar partiyasından 2016-cı ildə ABŞ prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən elan edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi