Fransa qanunvericilərinin miqrantların və sığınacaq axtaranların hüquqlarına dağıdıcı təsir göstərə biləcək immiqrasiya qanununu qəbul etməsi hakim partiyada böhrana səbəb olub.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın müstəqil insan haqları təşkilatı - CAGE-nin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib.
"Daxili işlər naziri Jerald Darmaninin rəhbərlik etdiyi prezident koalisiyası tərəfindən təqdim edilən birinci versiya parlamentin aşağı palatası - əsasən "respublikaçılar" və ifrat sağçılar tərəfindən rədd edilib. Bu siyasi məğlubiyyət Darmaninin 2027-ci ildə prezident olmaq ümidlərini xeyli azaldıb, çünki onun siyasi legitimliyinə ciddi zərbə vurulub”, - hesabatda qeyd edilib.
Bununla belə, qanunun son variantı “Respublikaçılar” və “Milli Birlik” partiyalarının tələb etdiyi islahatları ehtiva edib.
“Milli Birlik” siyasi partiyasının lideri Marin Le Pen qanunu onun hərəkatının “ideoloji qələbəsi” adlandırıb, çünki mətn “milli üstünlükləri” qanuniləşdirir.
Hesabatda qeyd edilib ki, qanunun qəbulu bəzi nazirlərin istefaya getməsi ilə Makronun öz partiyasında siyasi böhrana səbəb olub: “Qanun layihəsi qeyri-qanuni miqrantların deportasiyasının sadələşdirilməsini və miqrasiya kvotalarının tətbiqini nəzərdə tutur. Bəzi sosial müavinətlərin alınması şərtləri sərtləşdirilib. İndi Avropa İttifaqına daxil olmayan ölkələrdən olan işsiz miqrantlar Fransada 5 il qaldıqdan sonra onlara arxalana biləcəklər”.