Çad prezidenti İdriss Debi İtno qiyamçılara qarşı hərbi əməliyyat zamanı aldığı yaralardan ölüb.
"Report" xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
“Prezident və ali baş komandan İdriss Debi İtno indicə vəfat etdi”, - ordu rəsmisi, polkovnik Azema Bermandoa dövlət telekanalının efirində bildirib.
Onun sözlərinə görə, dövlət başçısı həftəsonu paytaxt Ncamenadan şimalda qiyamçı qoşunlarını məhv etmək üçün şəxsən rəhbərlik etdiyi əməliyyat zamanı ölümcül yaralanıb.
Bir qədər öncə Çadın seçki komissiyası ölkəyə 1990-cı ildən bəri rəhbərlik edən İdriss Debi İtnonun aprelin 11-də keçirilmiş prezident seçkilərində qələbə qazandığını bildirib.
“Çadda Dəyişiklik və Razılaşma Cəbhəsi” (FACT) qiyamçı qrupunun silahlı birləşmələri Liviyadakı bazalarından çıxaraq aprelin 11-də Çada daxil olub.