Buxarest. 26 mart. REPORT.AZ/ Rumıniyada akkreditə olunan türkdilli ölkə səfirliklərinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş mini futbol turniri keçirilib.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Buxarest şəhərində baş tutmuş mini futbol turnirində Türkiyə, Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan, Gürcüstan və Rumıniya Xarici İşlər Nazirliyinin (XİN) komandaları mübarizə aparıb.
Gərgin keçən yarışın finalında Rumıniya XİN və Türkmənistan səfirliyinin komandaları qarşılaşıblar. Görüş Rumıniya XİN komandasının qələbəsilə başa çatıb.
Qarşılaşmaların nəticələrinə əsasən Türkmənistan Səfirliyinin komandası 2-ci, Türkiyə Səfirliyinin komandası isə 3-cü yeri tutub. Turnirin sonunda Qazaxıstanın Rumıniyadakı səfiri Daulet Batraşev qalib komandalara kubok və medallar təqdim edib.






