Beş il Bukingem Sarayında işləmiş 37 yaşlı Adamo Kanto noyabrın 30-da Londondakı məhkəmə prosesi zamanı Britaniya kraliçasının iqamətgahından qiymətli əşyalar oğurladığını etiraf edib.
“Report” BBC-yə istinadən xəbər verir ki, Kanto 2019-cu il noyabrın 11-dən 2020-ci il avqustun 7-dək olan müddətdə Şahzadə Uilyam və Keyt Midltonun imzalı rəsmi portretini, Şahzadə Harrinin portretini, ABŞ prezidenti Donald Trampın Britaniyaya səfəri şərəfinə təşkil olunan kral ziyafətindən fotoşəkillərin olduğu albomu və s. oğurlayıb və bütün bunları “eBay”da elektron hərraca çıxarıb.
Bukingem Sarayından ümumilikdə 77 əşya oğurlanıb, hərracda isə 37 lot olub. Oğurlanan 77 əşyanın ümumi dəyəri 100 min funt sterlinqa (təxminən 135 min ABŞ dollarına) çata bilər.
Hazırda şübhəli şəxs azadlıqdadır, o, girov müqabilində sərbəst buraxılıb. Lakin o, həbs cazası da ala bilər. İş Sautuark Kral Məhkəməsinə göndərilib.