London Moskvanı gələcək planlarına dair mübhəmlikdə saxlamaq üçün Ukraynaya qoşun göndərməyi istisna etməməlidir.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş müdafiə naziri (2019-2023) Ben Uolles
“Düşünürəm ki, “biz bunu istisna etmirik” kimi üsluba müraciət etməməliyik. Axı qeyri-müəyyənlik çəkindirmənin bir hissəsidir. Rəqiblərimizin nə qədər irəli gedəcəyimizi və nə etməyə hazır olduğumuzu təxmin edib qalmaları önəmlidir. Körpülərimizi bağlamamağımız vacibdir. Bu cür etmək məcburiyyətində deyilik, lakin insanları mübhəmlikdə saxlamaq vacibdir. Rəqiblərimiz bizim nəyisə istisna etməyimizi istəyirlər”, – Uolles bildirib.
Böyük Britaniyanın keçmiş müdafiə naziri həmçinin müdafiə xərclərinin ÜDM-in 3 %-nə qədər artırılmasının tərəfdarı olub. Onun sözlərinə görə, həm hakim Mühafizəkarlar Partiyası, həm də müxalifətdəki Leyboristlər Partiyası bu gün Böyük Britaniyanın üzləşdiyi təhlükələrin miqyasını başa düşməlidir.
“Mən istərdim ki, mühafizəkarlar və leyboristlər (müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmağı – red.) özlərinin [seçki] manifestlərinə daxil etsinlər”, – keçmiş nazir əlavə edib.
Xatırladaq ki, fevralın 26-da Fransa Prezidenti Emmanuel Makron Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi məsələsini qaldırdığını açıqlayıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, ancaq gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Konfransdan sonra toplantıda iştirak edən ölkələrin əksəriyyətinin nümayəndələri Ukraynaya qoşun göndərməyi planlaşdırmadıqlarını bildiriblər.