Böyük Britaniyada etirazçılar miqrantların hücumlardan sığındığı “Holiday Inn” şəbəkəsinin daha bir otelinə hücum ediblər.
“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Staffordşir polisindən bildirilib ki, bir qrup şəxs Temvort şəhərindəki otelin pəncərələrini sındıraraq orada yanğın törətməyə cəhd edib və asayiş keşikçilərinə hücum ediblər, nəticədə onlardan biri xəsarət alıb.
Bundan əvvəl iğtişaşçılar Roterhem şəhərində miqrantların qaldığı “Holiday Inn”ə hücum ediblər. Onlar binanı yandırmağa cəhd göstərib, pəncərələri sındırıblar. Polis nümayişçiləri oteldən uzaqlaşdırmağa müvəffəq olub. İğtişaşlar zamanı ən azı 10 zabit yaralanıb.
Böyük Britaniya hökuməti ölkədə miqrantlara qarşı keçirilən nümayişlər zamanı hücuma məruz qala biləcək məscidlər üçün əlavə mühafizə təmin edib.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper məlumat verib.
“Yerli məscidlərin üzləşdiyi biabırçı təhdidlər və hücumlar fonunda hökumət Məscidin Mühafizəsi və Təhlükəsizliyi proqramı vasitəsilə ibadət yerlərinə əlavə əməliyyat dəstəyi, eləcə də yerli polis qüvvələri tərəfindən dəstək verir”, - deyə o qeyd edib.
Hökumətin bəyanatında qeyd olunub ki, sözügedən proqramın vəsaiti bu məqsədlər üçün istifadə olunacaq. Bu il onun həyata keçirilməsi üçün artıq 29,4 milyon funt sterlinq (38 milyon dollar) ayrılıb.