Rusiya və İran arasında hərbi əməkdaşlıq Böyük Britaniyada dərin narahatlıq doğurur. Bu tərəfdaşlıq qlobal təhlükəsizliyə təhdid yaradır.
“Report” Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin bəyanatında deyilib.
Nazirin sözlərinə görə, İran Ukraynadakı müharibə zamanı Rusiyanın əsas silah təchizatçılarından birinə çevrilib, Moskvanı yüzlərlə pilotsuz uçuş aparatları ilə təmin edib:
“Bunun müqabilində Rusiya İran rejiminə hərbi və texniki dəstək təklif edir və bununla da onun Yaxın Şərqdəki tərəfdaşlarımıza və beynəlxalq təhlükəsizliyə yaratdığı təhlükəni artırır”.
C.Kleverli Böyük Britaniyanın hər iki ölkəni məsuliyyətə cəlb etmək niyyətində olduğunu açıqlayıb.
Bəyanatda bildirilib ki, London Vaşinqtonun yaxın aylarda Rusiyanın ballistik raketlər də daxil olmaqla İrandan silah tədarükünü artırmağa çalışacağına dair qiymətləndirmələri ilə razıdır.
Xatırladaq ki, dekabrın 9-da İranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin ölkəsində etirazçının edam edilməsi ilə bağlı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.