Böyük Britaniyanın Müdafiə Nazirliyi krallığın anbarlarındakı silah və sursat ehtiyatlarının bərpası üçün əlavə 2,5 milyard funt sterlinq (indiki məzənnə ilə 3,27 milyard ABŞ dolları - Qeyd) ayıracaq.
“Report” xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Britaniya Silahlı Qüvvələrinin inkişafı ilə bağlı yenilənmiş plan dərc ediləcək. Müdafiə naziri Ben Uolles deyib ki, sənəd təhlükələrə uyğunlaşma zərurəti və Ukraynadakı münaqişənin dərsləri nəzərə alınaraq hazırlanıb.
Prioritet ən müasir müdafiə texnologiyalarına investisiya qoyuluşu olacaq. Əlavə maliyyə krallığın Müdafiə Nazirliyinin büdcəsini 5 milyard funt sterlinq (6,5 milyard ABŞ dolları - Qeyd) artırmaqla təmin ediləcək.
Yeni plana əsasən ölkənin Quru Qoşunlarının şəxsi heyətinin sayı 76 mindən 72,5 min nəfərə qədər azaldılacaq.
“Sky News” öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ hərbi rəhbərliyi artıq Britaniya ordusunu yüksək səviyyəli döyüş qüvvəsi hesab etmir. Vurğulanıb ki, Britaniya Quru Qoşunlarının döyüş hazırlığını artırmaq üçün 10 il vaxt lazımdır.