“Böyük yeddilər”in (G7) xarici işlər nazirləri bu gün son 2 ildə ilk dəfə olaraq plenar iclas keçirmək üçün Londonda bir araya gəliblər.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Lankaster Haus malikanəsində baş tutan toplantıda Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya xarici işlər nazirləri və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell iştirak edirlər.
İclas Çin ilə əlaqələrin müzakirəsi ilə başlayacaq. Sonra isə Myanma, Liviya və Suriyadakı vəziyyət müzakirə olunacaq.
Günortadan sonra “G7” nazirləri Rusiya, Ukrayna və Belarusla bağlı iclas keçirəcək, bundan sonra isə Əfqanıstanla bağlı müzakirələr aparılacaq.
Böyük Britaniya “G7” liderlərinin zirvə görüşünü də ənənəvi formatda keçirmək niyyətindədir. Xatırladaq ki, sammitin 11-13 iyun tarixlərində Karbis Bey şəhərində keçirilməsi planlaşdırılır.