Böyük Britaniyada 10-dan çox universitetdə çalışan 200-dək alim Çin hökumətinə kütləvi qırğın silahları istehsalı üçün istəmədən kömək etmək şübhəsi ilə təhqiqata cəlb edilib.
“Report” “The Time”a istinadən xəbər verir ki, həmin şəxslər düşmən ölkələrə əqli mülkiyyətinin ötürülməsinə qadağa qoyan 2008-ci ilin İxracata Nəzarət Qanununu pozmaqda şübhəli bilinirlər.
Mənbənin dediyinə görə, sözügedən qanunda sadalanan hərbi məhsul və texnologiyalar yalnız müvafiq lisenziya əsasında ixrac oluna bilər.
Bu qanunu pozduqları təsdiqlənərsə, 10 ilədək həbs cəzasına məhkum olunacaqlar.
Şübhəlilərin ötürüldüyü bildirilən məlumatlar arasında hərbi təyyarə və raket, habelə kiber silahlarına dair qabaqcıl texnologiyalar var.