Böyük Britaniya hökuməti “Brexit” sazişinin hazırkı şəklinin Avropa İttifaqının əlinə nəzəri cəhətdən “Birləşmiş Krallığın iqtisadi və ərazi bütövlüyünü” yox etmək imkanı verdiyini düşünür.
“Report” xəbər verir ki, baş nazir Boris Conson sentyabrın 11-də “The Daily Telegraph”da dərc olunmuş yazısında parlamenti bu təhlükəni aradan qaldırdığı bildirilən qanun layihəsinə səs verməyə çağırıb.
Belə ki, Böyük Britaniya ilə Aİ arasında hazırda dalana dirənmiş ticarət danışıqları tamamilə pozularsa, Avropa İttifaqının “Brexit” sazişinin bir bölməsini təşkil edən Şimali İrlandiya protokolunu özünə sərf edən şəkildə təsbit olunmasına çalışacağı ortaya çıxıb. Həmin ptotokol Aİ üzvü olan İrlandiya Respublikası ilə qurumu tərk edən Britaniyanın tərkib hissəsi olan Şimali İrlandiya arasındakı şəffaf sərhəddən mal hərəkətinin ümumi prinsipləri əks etdirir.
“Avropa İttifaqının şərtlərini qəbul etməsək, onlar İrlandiya dənizində tam qüvvəyə malik gömrük sərhədi quraraq Şimali İrlandiya protokolunun radikal yozumunu ortaya qoyarlar. Bizə bildiriblər ki, Aİ nəinki Böyük Britaniyadan Şimali İrlandiyaya göndərilən mallara tarif tətbiq edəcək, üstəlik, bu istiqamətdə ərzaq tədarükünü dayandıra da bilər”, - məqalədə qeyd olunur.
Müəllifə görə, ötən il tələm-tələsik yazılmış bu protokolu təsdiq edərkən Böyük Britaniya hökuməti Aİ-nin sənəddə qeyri-konkretlikdən sui-istifadə edərək “Birləşmiş Krallığın bir hissəsinə qarşı ticarət blokadası” tətbiq etmək, “ölkənin iqtisadi və ərazi bütövlüyünü yox etməklə təhdid etmək” yolunu seçəcəyinə inanmayıb. “Ölkəni parçalamaq üçün beynəlxalq təşkilatın əlində hətta nəzəri alət olmasına” yol verməyəcəklərini vurğulayan Böyük Britaniyanın baş naziri daxili bazarla bağlı yeni qanun layihəsinin sözügedən protokolla bağlı hər hansı kənar yozumlara yol vermədiyinə görə bu kimi hallara qarşı sipər olduğunu bildirir.
“Gəlin hər hansı anlaşmazlıq ehtimalını aradan qaldıraq. Birləşmiş Krallığın təməllərinə təhlükədən qurtulaq. Gəlin Aİ-ni təhdidlərini kənara qoymağa məcbur edək, danışıqlardakı mövqeyimizi gücləndirmək, ölkəmizi qorumaq üçün bu qanunu təsdiq edək”, - B.Conson vurğulayıb.
Xatırladaq ki, Böyük Britaniya hökuməti dekabrın 31-i qüvvəyə minəcək “Brexit” sazişindən sonrakı dövrdə Birləşmiş Krallığın muxtar bölgələri arasında ticarət əlaqələrini tənzimləyəcək daxili bazar qanunu layihəsini çərşənbə günü parlamentə təqdim edib.