Bakı. 4 dekabr. REPORT.AZ/ Bolqarıstanda aramsız yağan yağışların ardından çaylarda və anbarlarda su kritik səviyyəyə çatıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Yambol, Sliven, Haskovo, Burgas və Vidində davam edən yağışlar səbəbindən hökumət həyəcan təbili çalıb və vəziyyəti yerində araşdırmaq üçün nazirləri bölgələrə səfər edib.
Məlumata görə, Kapitan Andreevo sərhəd-keçid məntəqəsində su basqını səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. TIR-lar Həmzəbəyli-Lesovo sərhəd-keçid məntəqəsinə istiqamətləndirilib. Səlahiyyətli şəxslər Haskovo və Kırcaalıdakı su anbarlarının daşdığı və evlərə zərər verdiyini bildiriblər. Bundan əlavə, bütün gecə dayanmadan yağan leysan səbəbindən çayların daşdığı və bəzi yerlərdə suyun səviyyəsinin bir metrə çatdığı bildirilib.
Məsələ ilə əlaqədar Meriç çayı müşahidə altına alınıb, riskli bölgələrdə yaşayan vətəndaşlara xəbərdarlıq edilib.
Elhovo şəhəri yaxınlığındakı Tunca çayında suyun səviyyəsi 3,7 metrə çatıb və bu səbəbdən bölgədə böhran mərkəzi yaradılıb.
Yambol və Slivendə üç gün davam edən leysan bir çox kənddə daşqınlara səbəb olub.