BMT TŞ beynəlxalq qüvvələrin Haitiyə göndərilməsini təsdiqləyib

BMT TŞ beynəlxalq qüvvələrin Haitiyə göndərilməsini təsdiqləyib BMT Təhlükəsizlik Şurası Haitidə təhlükəsizliyə yardım missiyasının yaradılması haqqında qətnamə qəbul edib.
Digər ölkələr
3 Oktyabr , 2023 00:29
BMT TŞ beynəlxalq qüvvələrin Haitiyə göndərilməsini təsdiqləyib

BMT Təhlükəsizlik Şurası Haitidə beynəlxalq qüvvələrdən ibarət təhlükəsizliyə yardım missiyasının yaradılması haqqında qətnamə qəbul edib.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, sözügedən qərar Haitinin Baş naziri Ariel Anrinin hərbi yardım çağırışları fonunda verilib. Telekanal xatırladıb ki, BMT-nin Baş katibi Antoniu Quterreş və ABŞ beynəlxalq ictimaiyyəti belə bir missiyanı dəstəkləməyə qətiyyətlə çağırıblar. Şuranın 13 üzvü qətnamənin lehinə səs verib, Rusiya və Çin isə bitərəf qalıb. Qətnamə ABŞ və Ekvador tərəfindən hazırlanıb.

Telekanal diqqətə çatdırıb ki, TŞ-nin bu icazəsinə baxmayaraq, sözügedən qüvvələr formal olaraq BMT-nin nəzarəti altında olmayacaq. Qüvvələrə, 1 000 polis ayıracağına söz verən Keniyanın başçılıq edəcəyi gözlənilir. Haiti adasının qonşuluğundakı Antiqua və Barbuda, Baham adaları və Yamayka missiyaya yardım təklif ediblər.

Qeyd edək ki, Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci il iyulun 7-nə keçən gecə dövlət başçısı Jovenel Moizin öldürülməsindən, eləcə də həmin ilin avqustunda baş verən və 2,2 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib. Ölkədə qeyri-sabitlik yaradan yaraqlılar paytaxt Port-o-Prensin böyük hissəsinə nəzarət edirlər. Onlar ölkənin həyati vacib təminat xətlərini bağlayıblar. Qətl, insan oğurluğu, odvurma, seksual zorakılıq fonunda silahlılar 200 mindən çox insanı yerlərindən didərgin salıb.

Son xəbərlər

Orphus sistemi