Bakı. 19 fevral. REPORT.AZ/ Martın 24-də keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Cinayət Tribunalında Bosniya Serb Respublikasının keçmiş prezidenti Radovan Karaciçə verilən hökm elan olunacaq. "Report" xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat verib.
Serb Respublikasının sabiq prezidentinin işi üzrə məhkəmə iclası 2014-cü ilin oktyabr ayında başa çatıb.
Keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Cinayət Tribunalının Prokurorluğu Karaciçi 10 maddə əsasında, o cümlədən insanlığa qarşı cinayətdə, müharibə qanunlarını və ənənələrini pozmaqda və 1992-1995-ci illərdə törədilmiş soyqırımı həyata keçirməkdə ittiham edir. İstintaq məlumatlarına görə, Karaciçin Srebrenitsada müsəlmanlara qarşı törədilmiş soyqırımında əli var. Xatırladaq ki, 1995-ci ildə Bosniyanın adıçəkilən şəhərində serb hərbi qüvvələri 8 minə yaxın müsəlman kişi və yeniyetməni öldürüb.
Radovan Karaciç ittihamları qəbul etmir. O, vəkillərin xidmətlərindən imtina edib və Haaqa öz-özünü müdafiə edib.
Karaciçin həbsi üçün order 25 iyul 1995-ci il tarixdə verilib. Ancaq təqsirləndirilən şəxs qaçıb gizləndiyindən bunu 4 il sonra həyata keçirmək mümkün olub.
Karaciçin məhkəməsi 2009-cu il oktyabrın 26-da başlayıb.