BMT-nin baş katibi Bakı ilə İrəvan arasında bəyannamənin imzalanmasını alqışlayıb
- 09 avqust, 2025
- 20:23
BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın birgə bəyannamə imzalamasını alqışlayıb və bunu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edib.
“Report”un xəbərinə görə, bu barədə dünya təşkilatının rəhbərinin ofisinin jurnalistlərə yaydığı məlumatda deyilir.
“BMT Baş katib Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannaməni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm mərhələ kimi alqışlayır. Baş katib Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın davamlı dialoq və etimadın yaradılmasına sadiqliyini alqışlayır və Prezident Trampın tərəqqiyə kömək etmək səylərini tanıyır. Baş katib Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün bütün səylərə Birləşmiş Millətlər Təşkilatının güclü dəstəyini bir daha təsdiqləyir”, - bəyanatda deyilir.