BMT Baş katibi Antoniu Quterreş Gürcüstanda davam edən etiraz aksiyalarından narahatlığını dilə gətirib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.
Sözçü bildirib ki, Baş katib bütün tərəfləri zorakılığa gətirib çıxara biləcək hərəkətlərdən çəkinməyə və dialoq vasitəsilə fikir ayrılıqlarını aradan qaldırmağa çağırır:
"Biz Gürcüstandakı hadisələri narahatlıqla izləyirik, insanların dinc toplaşma azadlığına hörmət edilməsinin vacibliyini vurğulayırıq. İnsan hüquqlarının pozulması ilə bağlı bütün hesabatların operativ və tam şəffaflıqla araşdırılması da eyni dərəcədə vacibdir".
Qeyd edək ki, Gürcüstanın iri şəhərlərində etiraz aksiyası davam edir. Aksiya iştirakçıları hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dondurması qərarına etiraz edirlər.