Əfqanıstanda doyunca yeməmə göstəricisi bütün zamanların ən yüksək həddinə çatıb - ölkənin, demək olar ki, yarısı aclıqdan əziyyət çəkir.
“Report” “NBC News”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə, demək olar, hər ikinci insan qidalanma ilə bağlı problemlər yaşayır.
“40 milyon əhalisi olan ölkədə 7 milyon uşaq (5 yaşadək) və analar doyunca yemir”, - F. Kropf qeyd edib.
BMT nümayəndəsi 2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirməsi milyonlarla insanı yoxsulluq həddinin altına düşməsinə və beynəlxalq yardımın dayandırılmasına yol açdığını vurğulayıb.
F. Kropf əlavə edib ki, Əfqanıstan xalqı aclıqdan ölmür, ancaq humanitar böhranı qabaqlamaq üçün heç bir qaynaqları qalmayıb.