"Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədə yaranan böhran səbəbindən əhalinin 14 milyona qədəri aclıqla üzləşə bilər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Dünya Ərzaq Proqramının (WFP) icraçı direktoru David Beasley bildirib.
"Taliban"ın hakimiyyəti ələ keçirməsindən əvvəl ölkədəki quraqlıq və COVID-19 pandemiyası səbəbindən pisləşən iqtisadi vəziyyət Əfqanıstanda humanitar böhranı qaçılmaz edir", - D.Beasley vurğulayıb.
O, dünya liderlərini təcili hərəkət etməyə çağıraraq, Əfqanıstanda humanitar fəlakətin qarşısını almaq üçün təşkilatın 2021-ci ilin sentyabr ayına qədər azı 200 milyon ABŞ dollarına ehtiyac duyacağını qeyd edib.
"Əks halda vəziyyət "yerdəki cəhənnəmə" bənzəyəcək. Ölkə sakinləri üçün nəzərdə tutulan yemək gələn ay tükənməyə başlayacaq və humanitar yardıma ehtiyacı olanların sayı iki dəfə artacaq. Təşkilat tələb olunan məbləğin ABŞ başda olmaqla Qətər və Fars körfəzindəki digər ərəb dövlətləri tərəfindən təmin ediləcəyinə ümid edir", - icraçı direktor əlavə edib.