Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı "Qadın və qızların gender əsaslı qətlləri" adlı hesabatda ötən il dünyada hər saatda 5-dən çox qadın və ya qızın qohumları tərəfindən öldürüldüyü bildirilib.
“Report” xəbər verir ki, hesabatda bir çox qadın və qızlar evdə belə təhlükəsiz olmadıqları vurğulanır.
BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsi və Qadın Təşkilatı tərəfindən “Qadın və qızların gender əsaslı qətlləri” adlı hesabat 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündən əvvəl dərc edilib. Qadınlara və qızlara qarşı zorakılığın dünyada ən çox rast gəlinən insan hüquqları pozuntularından biri olduğu vurğulanan hesabatda zərif cinsin nümayəndələrinin öz evlərində öldürülmə riskinin daha çox olduğu bildirilir.
Qeyd olunur ki, keçən il dünyada qətlə yetirilən 81 min qadın və qızdan 45 min nəfəri, təxminən 56 faizi həyat yoldaşı və ya digər ailə üzvləri tərəfindən öldürülüb. Hesabatda bir çox qadın və qızın evlərində belə, təhlükəsiz olmadıqları diqqətə çatdırılır.
Hesabatda son 10 ildə dünyada törədilən qadın cinayətlərinin sayında ciddi dəyişiklik olmadığı, qadınlara qarşı zorakılıqla mübarizənin kifayət qədər aparılmadığı və təcili olaraq daha güclü tədbirlərin görülməsi lazım olduğu vurğulanır.
Hesabatı BMT-də fəaliyyət göstərən jurnalistlərə təqdim edən BMT-nin Qadınlar Təşkilatının Proqram, Siyasət və Hökümətlərarası Şöbəsinin direktoru Sarah Hendriks bildiib ki, qadınlara və qızlara qarşı törədilən gender əsaslı qətlləri dayandırmaq üçün qadın qətllərinin riskləri araşdırılmalı və törədilən cinayətlərin qarşısının alınması üçün daha effektiv müdaxilə zəminləri hazırlanmalıdır.
Qadınlara və qızlara qarşı hər hansı zorakılıq aktının, o cümlədən gender əsaslı qətllərin qaçılmaz olmamasının vurğulandığı hesabatda zorakılığın qurbanı olan qadınların tez bir zamanda müəyyən edilməsi, dəstəklənməsi və qorunmasının vacibliyi vurğulanır. Hesabatda problemin köklü səbəblərini aradan qaldırmaq üçün cəmiyyətdəki struktur gender bərabərsizliyinin aradan qaldırılması və zərərli kişi davranışlarının qarşısının alınması və buna səbəb olan sosial qaydaların transformasiyası tövsiyə olunub.