BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclasları çərçivəsində “İqlim dəyişikliyi” mövzusunda "dəyirmi masa" keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, qlobal istiləşmə ilə mübarizə mövzusunda müzakirələrin aparıldığı iclas Böyük Britaniyanın Baş naziri Boris Conson və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə baş tutub.
Tədbiri BMT-nin Baş katibi Antonio Quterreş açaraq bildirib ki, dünya 2.7 dərəcə istiləşməyə gedən fəlakətli bir yolda irəliləyir: "Temperatur artımını 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üçün 2030-cu ilə qədər emissiyaların 45 faiz azaldılması vacibdir. Qlobal istiləşmə insan emissiyası ilə idarə olunur. Elm qlobal temperatur artımını 1,5 dərəcədən çox olmayan səviyyədə saxlamağı qərara alıb, lakin yaxın zamanda təcili tədbirlər görülməzsə, bu hədd keçilə bilər. Buna yol verməmək üçün qətiyyətli hərəkət etməliyik. Bildiyiniz kimi, bu ilin noyabr ayında Birləşmiş Krallığın Qlazqo şəhərində BMT-nin iqlim dəyişikliyi konfransı COP26 keçiriləcək. Dünya liderləri qlobal iqlim dəyişikliyi təhlükəsi ilə necə mübarizə aparılacağını razılaşdırmaq məqsədilə bir araya gələcəklər. Beləliklə, bu gün liderlərdən COP26-nın uğur qazanması və əsl dönüş nöqtəsi olmasını təmin etmək üçün zəruri addımları atmasınıi istədim".
"Düşünürəm ki, COP26 yolunda beynəlxalq ictimaiyyətin üç cəbhədə çıxış etməsi lazımdır. Birincisi, 1.5 dərəcəlik hədəfi əlçatan saxlamaqdır. Digər əsas məsələ isə inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirləri üçün vəd edilən 100 milyard dollarlıq məbləğin toplanmasıdır. Bu gün bir çox ölkələrin bu öhdəliyi reallığa çevirməyin vacib olduğunu qəbul etmələrinə sevindim. Bunun necə olacağını görəcəyik. Üçüncüsü isə maliyyə vəsaitinin artırılmasıdır. Biz hələ buna nail ola bilməmişik. Ancaq bu gün bir neçə ölkə, yəni İsveç və Danimarka, 50 faiz və ya daha çox öhdəliyə nail olduqlarını elan etdilər”, - o deyib.
A.Quterreş G20 üzvlərinin liderliyinin problemin həllində xüsusi rola malik olduğunu söyləyib: “Bu gün keçirilən iclasın növbəti G20 toplantısının COP26-nın uğurunu təmin etmək üçün vacib olacağı barədə fikir birliyi var. Digər bir problem isə enerjidir. Hökumətlər subsidiyaları ənənəvi yanacağa ayırmağa son verməli və kömür istifadəsini tədricən dayandırmalıdır. Planlaşdırılan bütün kömür elektrik stansiyaları işə düşərsə, ekoloji çirklilik nəinki 1,5 dərəcənin, hətta 2 dərəcənin də üstündə olacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan ölkələr 2030-cu ilə qədər kömür istifadəsini dayandırmalı, inkişaf etməkdə olan ölkələr də 2040-cı ilə qədər bu cür addımlar atmaları lazımdır. Ümumiyyətlə, kömür elektrik stansiyalarının tikintisinin dayandırılması vacibdir”.
Vüsalə Abbasova