BMT Baş katibi Cenevrədə Kipr məsələsi ilə bağlı görüş keçirəcək
- 14 mart, 2025
- 21:33
BMT Baş katibi Antoniu Quterreş Cenevrədə Kipr məsələsi ilə bağlı görüş keçirəcək.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibi Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.
Sözçünün sözlərinə görə, BMT-nin Cenevrədəki ofisində martın 17-18-də Kiprin iki lideri və zəmanətçi dövlətlər – Türkiyə, Yunanıstan, Böyük Britaniyanın iştirakı ilə Kipr məsələsinə dair qeyri-rəsmi görüş keçiriləcək.
“Bu görüş Baş katibin Kipr məsələsi üzrə xoşməramlı səyləri çərçivəsində təşkil olunur. Təşəbbüs ötən il 15 oktyabrda Kiprin iki lideri tərəfindən razılaşdırılıb. Görüşün əsas məqsədi Kipr məsələsinin həlli istiqamətində əhəmiyyətli müzakirələr aparmaqdır”, - Düjarrik bildirib.
O vurğulayıb ki, BMT Kipr liderlərini və Kipr xalqını dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, Kiprlə bağlı sonuncu “5+1” formatında qeyri-rəsmi konfrans (Türkiyə, Yunanıstan, Böyük Britaniya, Kiprin iki icması və BMT) 2021-ci ildə İsveçrədə baş tutub.