BMT-nin baş katibi Antoniu Quttereş Pxenyan və Seul arasında əlaqələrin bu yaxınlarda qırılmasına heyfsilənir, ABŞ-ı, Koreya Xalq Demokratik Respublikasını (KXDR) və Cənubi Koreyanı Koreya yarımadasının tam və yoxlanılan nüvəsizləşdirilməsi uğuru üçün dialoqu davam etdirməyə çağırır.
"Report" xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.
"Baş katib Koreya Xalq Demokratik Respublikası tərəfindən iki ölkə arasındakı əlaqənin kəsilməsinə heyfsilənir. Belə əlaqələr anlaşılmazlığa və ya hesablaşmalara yol verilməməsi üçün zəruridir", - Dyujarrik deyib.
Onun sözlərinə görə, iyun Koreya yarımadası üçün simvolik aydır. "Bu cümə günü, iyunun 12-də, Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin ilk görüşünün ikinci ildönümü tamam olacaq. Bazar ertəsi, iyunun 15-də, iki Koreya ölkəsi liderlərinin birinci görüşünün 20-ci ildönümü tamam olacaq.
Baş katib ümid edir ki, tərəflər iyunda yubileylərdən danışıqların bərpası və möhkəm sülhə nail olmaq, Koreya yarımadasının tam, yoxlanılan nüvəsizləşdirilməsi üçün səyləri ikiqat artırmaq üçün istifadə edəcək", - o bildirib.