Yeni il bəzi Avropa ölkələrində əvvəlki kimi qeyd olunmayacaq

Yeni il bəzi Avropa ölkələrində əvvəlki kimi qeyd olunmayacaq İspaniyanın hakimiyyət orqanları koronavirus pandemiyası ilə əlaqədar Yeni il bayramında da qüvvədə olacaq bir sıra məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.
Digər ölkələr
3 Dekabr , 2020 04:47
Yeni il bəzi Avropa ölkələrində əvvəlki kimi qeyd olunmayacaq

İspaniyanın hakimiyyət orqanları koronavirus pandemiyası ilə əlaqədar Yeni il bayramında da qüvvədə olacaq bir sıra məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Yeni məhdudiyyətlərə əsasən 10-dan çox insanın bayramı birlikdə qeyd etməsi qadağandır, həm də yalnız qohumlar və ən yaxın dostlar toplaşa bilər.

"Milad Bayramında, Yeni il gecəsində, yəni 24, 25 dekabrda, 31 dekabrda və 1 yanvarda, 10-a qədər insanın qrup şəklində toplaşmasında məhdudiyyətlər qüvvədə olacaqlar. Hərəkətə məhdudiyyət saat 01:30-dan tətbiq ediləcək", - Səhiyyə Nazirliyinin başçısı Salvador İlya mətbuat konfransında bildirib.

Son iki həftə ərzində bu ölkədə koronavirusa 118 min yeni yoluxma qeydə alınıb.

İtaliya hökuməti isə Milad və Yeni il səfərlərini qadağan edəcək. Səhiyyə naziri Roberto Speransa bildirib ki, hökumət koronavirusla əlaqədar olaraq məhdudiyyətləri sərtləşdirəcək, həmçinin səfərləri qadağan edəcək.

"Miladı və ilin sonunun bayramlarını ləyaqətlə qarşılamaq üçün nəzərdə tutulmuş məhdudiyyətlər sərtləşdirilməlidir", - Speransa deyib.

Onun sözlərinə görə, vətəndaşlar arasında vacib olmayan əlaqələri maksimum məhdudlaşdırmaq lazımdır. Buna görə bayramlarda ölkələr arasında yerdəyişmələr qadağan ediləcək, 25 və 26 dekabrda, həmçinin 1 yanvarda isə bu qadağa şəhərlərarası səfərlərə də tətbiq olunacaq.

İtaliyada koronavirusa 1 620 901 insan yoluxub, 784 595 pasiyent sağalıb, 56 361 insan virusun qurbanı olub.

Almaniya hakimiyyəti isə ölkədə tətbiq olunan karantin rejimini 10 yanvara qədər uzatmağa hazırdır. Almaniya kansleri Angela Merkel bildirib ki, karantin məhdudiyyətləri yeni növ koronavirusun yayılması ilə yaranmış vəziyyətin saxlanılması vaxtı uzadıla bilər.

Merkelin sözlərinə görə, Almaniya hakimiyyəti karantini 10 yanvara qədər uzatmağa razıdır. Bu o deməkdir ki, Almaniyada da kütləvi bayram tədbirlərinə karantin səbəbindən məhdudiyyətlər tətbiq ediləcək.

Noyabrın əvvəllərindən Almaniyada barlar və restoranlar, idman zalları və hovuzlar, muzeylər və teatrlar bağlanıb. Mehmanxanalar yalnız işi ilə əlaqədar olaraq səyahət edən müştəriləri qəbul edir.

Almaniyada pandemiya ərzində koronavirusa 1,1 milyondan çox yoluxma aşkarlanıb.

Qeyd edək ki, COVID-19-a yoluxma Avropanın digər ölkələrində də sürətlə artır. Bu da başqa ölkələrin Yeni il bayramının qeyd edilməsinə məhdudiyyət tətbiq edəcəyini göstərir.

Son xəbərlər

Orphus sistemi