Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
- 11 noyabr, 2026
- 03:17
Yeniliklərdən dərhal xəbərdar olun!
İraq parlamentinin keçmiş deputatı Əhməd əl-Alvani Livanın paytaxtı Beyrutda ölü tapılıb.
"Report" Livanın MTV telekanalına istinadən xəbər verir ki, siyasətçinin meyiti Tariq əl-Cədidə rayonundakı mənzildə aşkar edilib.
Telekanalın məlumatına görə, əl-Alvaninin mənzilə aldadılaraq gətirilib və orada boğulduğu ehtimal olunur.
"Associated Press" Livanın hüquq-mühafizə və məhkəmə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, boğulmazdan əvvəl keçmiş deputatın başına zərbə endirilib.
Livanın "Al Jadeed" telekanalı isə bildirib ki, müstəntiqlər cinayətdə əli olan şəxsləri müəyyənləşdirmək üçün videomüşahidə kameralarının qeydlərini araşdırırlar.
İraqın Livandakı səfiri Məhəmməd Rza əl-Hüseyni məlumatı təsdiqləyib.
Ehtimal edilən şübhəlilər və cinayətin motivləri barədə hələlik məlumat verilmir.