Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına salıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, BƏƏ-nin paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Afrika və Latın Amerikasının bir sıra ölkələri istisna olmaqla təhlükəsiz səyahət istiqamətləri siyahısını yeniləyib. Departament “yaşıl” adlanan siyahıdakı 95 ölkənin sayını 73-ə endirib.
Adları “yaşıl” siyahıya salınan ölkələrdən BƏƏ-yə gələn səyahətçilərin karantindən keçməsinə ehtiyac yoxdur. Yeni qaydalar bu gün qüvvəyə minib. Bildirilir ki, yenilənmələr bir sıra ölkələrdə epidemioloji vəziyyətin pisləşməsinə cavab olub.
Təhlükəsiz ölkələr siyahısına Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan kimi ölkələr daxildir.
Səyahətçilər Əbu-Dabiyə daxil olmaq üçün yola düşməzdən 48 saat əvvəl PCR testindən keçməli, beynəlxalq uyğunluq asossiasiyası saytında qeydiyyatdan keçməlidirlər.
Peyvənd olunmamış sərnişinlərdən Abu-Dabiyə səfərlərinin 9-cu günü başqa koronavirus testindən keçmələri tələb olunur, ictimai yerlərə giriş isə onlar üçün bağlı olacaq.