ABŞ Prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Kerri Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Çin Xalq Respublikasının (ÇXR) sədr müavini Han Çjenlə qlobal istiləşmə ilə mübarizə üzrə ikitərəfli səyləri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin qarşıdan gələn 28-ci Konfransını (COP-28 noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək) müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti
“Tərəflər iqlim böhranı ilə mübarizədə ikitərəfli və çoxtərəfli səylərin kritik əhəmiyyətini, eləcə də COP-28-in uğurlu keçirilməsinin təşviqini müzakirə ediblər. Kerri qlobal istiləşməni Selsi üzrə 1,5 dərəcə səviyyəsində saxlamağın vacibliyini bir daha vurğulayıb və bunun üçün ABŞ və ÇXR tərəfindən genişmiqyaslı tədbirlər tələb olunur”, - bəyanatda deyilib.
Sədr müavini ilə görüşdə Kerri həmçinin Pekini “dekarbonizasiyanı sürətləndirməyə və metan kimi superçirkləndiricilərin tullantılarını azaltmağa” çağırıb.
Xatırladaq ki, daha öncə Han Çjen Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Onlar Ukrayna, Tayvan və Koreya Xalq Demokratik Respublikasındakı (Şimali Koreya) münaqişələri müzakirə ediblər, həmçinin açıq kommunikasiya xətlərinin saxlanmasına sadiqliklərini təsdiqləyiblər. Dövlət Departamenti iki rəsmi arasında danışıqları səmimi və konstruktiv adlandırıb.