Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, İŞİD döyüşçüləri Əfqanıstanda Kabildən təxliyə edilməyə çalışan Amerika vətəndaşlarına zərbələr endirə bilərlər.
“Report”un məlumatına görə, o, bunu NBC telekanalının efirində deyib.
"Ən çox diqqət yetirdiyimiz mümkün fövqəladə hallardan biri hələ də “Taliban”ın qatı düşməni olan İŞİD-Xorasan” tərəfindən terror hücumu təhlükəsinin mövcud olmasıdır", - o deyib.
Baydenin məsləhətçisi qeyd edib ki, ABŞ İŞİD və “Taliban” arasında əməkdaşlığın olacağını gözləmir, ancaq bu halda Kabil aeroportunda vəziyyət son dərəcə ağır olaraq qalır.
Daha əvvəl Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden 31 avqusta qədər Əfqanıstandan ABŞ vətəndaşlarının təxliyyəsini qurtarmaq zərurəti haqqında bildirib.
Qeyd edək ki, avqustun 15-də radikal "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisi üzərində nəzarəti ələ keçirdiyini elan edib. İndi “taliblər” paytaxt Kabilə nəzarət edirlər. Əfqanıstanın minlərlə sakini, habelə xarici vətəndaşlar ölkədən çıxmağa çalışaraq aeroporta sığınıb.