ABŞ Prezidenti Cozef Bayden Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə və vitse-prezidentə, eyni zamanda Senat sədri olan Kamala Harrisə məktub göndərərək sələfi Donald Trampın büdcə xərclərinin 73 maddəsini ixtisar etmək təklifini geri götürdüyünü bildirib.
“Report” xəbər verir ki, bu barədə Amerika KİV məlumat yayıb.
“Daha əvvəl Konqresə təqdim edilmiş ixtisarla bağlı 73 təklifi geri götürürəm”, - Ağ Evin saytında dərc olunan məktub mətnində deyilir.
Xatırladaq ki, yerli KİV-də yanvarın 14-də mövcud büdcənin 27,4 milyard dollar azalması təklifinin Konqresə təqdim edildiyi yazılmışdı. O cümlədən ABŞ-ın keçmiş prezidenti Donald Tramp xarici silahlı qüvvələrin maliyyələşdirilməsi proqramına ayrılmalı olan vəsaitin 500 milyon ABŞ dolları azaldılaraq 5,7 milyard dollara endirilməsini təklif etmişdi. Bundan əlavə, daha əvvəl 113 milyon dolların ayrıldığı xarici hərbi kadrların təhsili və təliminin maliyyələşdirilməsi üçün büdcənin 3 milyon dollar azaldılması təklif edilmişdi.