ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 18 nəfərə çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.
"Biz daha 4 nəfərin meyitini (dağıntılar altından-red) çıxarmağa nail olduq. Həlak olanların ümumi sayı 18 nəfərə çatıb", - o, “The Washington Post” qəzetinə bildirib.
Dairənin rəhbəri qeyd edib ki, indiyə qədər yer 145 nəfərin taleyi naməlumdur.
Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində 12 mərtəbəli bina iyunun 24-ə keçən gecə qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası göndərilib. İndiyədək onlarla insanın dağıntılar altından çıxarıldığı bildirilir.
ABŞ-ın hakimiyyət orqanları qəzanın başvermə səbəbini müəyyənləşdirə bilməyiblər. Ölkə prezidenti Cozef Bayden Floridada fövqəladə vəziyyət rejimi elan edib. Ağ Ev rəhbəri xanımı ilə birlikdə qəzanın baş verdiyi əraziyə gedəcək.
Qeyd edək ki, bina 1981-ci ildə dəniz sahilində tikilib.