Almaniyada hakim “İşıqfor” koalisiyası (ASDP, “yaşıllar”, AADP) ölkədəki tənəzzülə görə məsuliyyət daşıyır.
“Report” DPA-ya istinadən xəbər verir ki, bunu Bavariya Baş naziri, Xristian-Sosial İttifaqının (XSİ) lideri Markus Zöder partiyanın Auqsburqdakı qurultayında söyləyib.
O, ölkədəki vəziyyəti ciddi adlandırıb və hakim koalisiyanın “getməli olduğunu” əlavə edib.
“O, Almaniyanın tənəzzülünə görə məsuliyyət daşıyır”, – Markus Zöder bildirib. Regionun hökumət başçısı 2025-ci ilin sentyabrında keçiriləcək federal seçkilər ərəfəsində “zəif kompromislər dövrünün keçdiyini” vurğulayıb. Zöderin sözlərinə görə, artıq “qətiyyətsizlik” olmamalıdır.
Qeyd edək ki, daha əvvəl Almaniyanın aparıcı iqtisadi institutları cari ildə ölkə iqtisadiyyatının artım proqnozunu aşağı salıb. Onlara görə, Almaniyanın ÜDM-i 0,1 % azalacaq. Almaniyanın ÜDM-i cari ilin ikinci rübündə qiymət, mövsümi və təqvim düzəlişləri nəzərə alınmaqla 2024-cü ilin birinci rübü ilə müqayisədə 0,1 % azalıb. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu cari ildə Almaniyanın iqtisadi artım proqnozunu 0,3 faiz bəndi azaldaraq 0,2 %-ə endirib.