Bakı. 12 aprel. REPORT.AZ/ “ABŞ-ın İraqda hərbi baza yerləşdirməsi məsələsi müzakirə mövzusu deyil”.
“Report” Ulusalkanal-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi Bağdadda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda İraqda 5200-dən çox ABŞ hərbçisi var: “Ölkəmizdə ABŞ-ın hərbi bazasının yaradılmasından imtina etdik. Koalisiyaya bağlı təyyarələr isə qonşu dövlətlərin ərazisindən uçur. Əvvəllər hərbi bazaları ABŞ idarə edirdi, indi isə İraq hökuməti idarə edir. ABŞ-ın İraqda 5200-dən çox hərbçisi var. Ancaq onların heç biri quruda keçirilən hərbi əməliyyatlarda iştirak etmir. Onlar müşavirlik edir, təlimat verir, bürokratik aparatda fəaliyyət göstərirlər”.
Ölkənin ərazi bütövlüyü məsələsindən danışan baş nazir deyib: “İraqlılar parçalanmayacaq. Ölkənin cənubundakı vətəndaşlarımız Mosludakılar üçün yardım toplayır”.
İraqın şimalındakı kürd muxtariyyəti rəmzinin Kərkükdəki inzibati binanın üzərinə aslımasına münasibət bildirən, Heydər əl-İbadi həmin bölgədən Bağdada səfər etmiş nümayəndə heyəti ilə görüşdüyünü bildirib: “Onlara dedim ki, gərginlik yaratmaq vaxtı deyil. Kərkükdə icmalar arasında problem yaratmaq çox riskli haldır. Mübahisəli bölgələrlə bağlı məsələləri həll etmək arzumdur. Ancaq bu konstitusiya əsasında anlaşma və həmrəylik yolu ilə həll edilə bilər. Məsələni şəffaflıqla həll etmək üçün əlimizdə qızıl kimi fürsət var. Münaqişə, iğtişaş məsələnin həllinə heç bir halda yardım edə bilməz. Öz yurd-yuvalarını tərk etməyə məcbur edilənlərin olduğu və bəzi hissəsi İŞİD-in nəzarəti altında olan bir şəhərdə, Kərkükdə referendum keçirmək mümkündürmü?”
Qeyd edək ki, Kərkükdəki kürd siyasilər referendum keçirərək, bu şəhərin İraqın şimalındakı kürd muxtariyyətinin tərkibinə qatılmasını istəyirlər.
Xatırladaq ki, Kərkük türkmənlərin dədə-baba yurdudur. Ancaq son yüz ildə oradakı karbohidrogen ehtiyatı bölgəyə başqa etnik qrupların, o cümlədən kürdlərin də köçməsinə səbəb olub. Bu yolla bölgədə etnik tərkib dəyişdirilib. Bəziləri tarixi saxtalaşdıraraq Kərkükü başqa etnik qrupların ərazisi sayır.