Banqladeşin cənubundakı Koks-Bazarda rohinca müsəlmanlarının qaldığı qaçqın düşərgəsində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində azı 9 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Banqladeşin qaçqınlara yardım məsələləri və repatriasiya üzrə komissarı Məhəmməd Samsudduza məlumat verib.
“9 meyit tapılıb. İtkin düşənlərin axtarışları davam etdirilir. Həmçinin təhlükəli ərazilərdə yaşayan rohincaların təxliyəsi davam etdirilir”, - o deyib.
Qeyd edək ki, leysan yağışları Banqladeşin müxtəlif bölgələrində torpaq sürüşməsinə və daşqınlara səbəb olub. Ölkənin şimal-şərqindəki Silhet və Sunamqanc rayonlarında daşqınlar daha çox müşahidə olunur.
Silhet rayon administrasiyasının məlumatına görə, 864 yaşayış məntəqəsi su altında qalıb, 370 minə yaxın insan çətin vəziyyətə düşüb. Azı 4 min insan yerli hakimiyyət orqanlarının açdığı müvəqqəti sığınacaqlara köçmək məcburiyyətində qalıb.