Banqladeşdə hökumət işləri üçün kvota sisteminə qarşı davam edən etirazlarda azı 75 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Daha əvvəl 50 nəfərin öldüyü bildirilirdi.
Qeyri-rəsmi mənbələr 100 nəfərin öldüyünü bildirir. Yaralıların sayı artıq bir neçə minə çatıb.
Banqladeşdə etirazlar bu ay ölkədəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci ildə müstəqillik uğrunda döyüşənlərin qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb. Onlar ayrı-seçkilik hesab olunurdu.
Qeyd edilir ki, 170 milyonluq ölkədə 32 milyona yaxın gənc işsizdir.
Ötən gün paytaxt Dəkkədə polis ictimai asayişi qoruyarkən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, hökumət isə nümayişləri yatırmaq üçün mobil internet şəbəkələrinin bağlanmasına göstəriş verib. Paytaxtın səmasında hərbi helikopterlər dövrə vurur, küçələrə zirehli texnikalar çıxarılıb.