Babiş Ukrayna üzrə danışıqlarda təmsilçiliyi Aİ liderlərindən birinə tapşırmağı təklif edib
- 12 noyabr, 2026
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Avropa İttifaqı Şurasının qeyri-rəsmi iclasında Rusiya və Ukrayna arasındakı danışıqlarda Birliyi kimin təmsil edəcəyini müəyyən etməlidirlər.
"Report"un Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Mən Avropanın hələ ki, Avropa İttifaqı Şurasının üzvləri səviyyəsində təmsil olunmadığı sülh danışıqlarının gedişi ilə maraqlanacağam. Hesab edirəm ki, sabah Avropa İttifaqı Şurasının qeyri-rəsmi iclasında onu kimin təmsil etməli olduğunu müəyyənləşdirməyimiz vacibdir", - o qeyd edib.
A.Babişin fikrincə, Aİ-nin nümayəndəsi Avropa İttifaqı Şurasına daxil olan hökumət başçılarından və ya prezidentlərdən biri olmalıdır.
"Avropa büdcəsi ilə birbaşa əlaqə var: söhbət, ayrılması razılaşdırılmalı olan vəsaitlərdən gedir. Ümid edirəm ki, sabahkı iclasda biz konkret məsələləri müzakirə edəcəyik", - baş nazir qeyd edib.
Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan ikitərəfli danışıqlar barədə məlumat verib.
Ukraynanın maliyyələşdirilməsi və Almaniya Kansleri Fridrix Mertsin bütün Aİ dövlətlərini bu işdə iştirak etməyə çağırması ilə bağlı suala cavab verən A.Babiş, bu təşəbbüsün dəstək alıb-almayacağını bilmədiyini bəyan edib: "Cənab Mertsin də tam olaraq mənimki kimi bir səsi var. Avropa Şurasının hər bir üzvü veto hüququndan istifadə edə bilər. Mən Avropa büdcəsinin Ukraynanın maliyyələşdirilməsi ilə əlaqələndirilməsini tamamilə yersiz hesab edirəm. Biz qətiyyətlə bunun əleyhinəyik".