Yuxarı

Avropa Yunanıstanla bağlı qərar verməkdə çətinlik çəkir

Yunanıstan hökuməti həm qısa, həm də uzun müddət üçün daha artıq iş görməlidir

Bakı. 13 iyul. REPORT.AZ/Avropanın maliyyə strukturlarının skeptik rəhbərləri Yunanıstanın son iqtisadi ixtisarlar planı ilə əlaqdər qərar verməkdə çətinlik çəkərək, Afinanın xərclərin ixtisarı və vergilərin artırılmasına dair verdiyi sözlərə əməl edəcəyilə bağlı şübhələrini bildiriblər.

"İrəli getmək üçün əsas maneə etibarın olmamasıdır"-deyə İtaliyanın Maliyyə naziri Pyer Karlo Padoan Brüsseldə danışıqlarda bildirib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, P.Karlo, deyib ki, Yunanıstan hökumətinin bazar ertəsi parlamentdə ölkə üçün lazımi tədbirlərin həyata keçirilməsi, etibarın bərpa edilməsi və irəli getmək üçün konkret addımlar atmasını görmək istəyir.

Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Pyer Moskoviçi isə bildirib ki, Yunanıstan hökuməti həm qısa, həm də uzun müddət üçün daha artıq iş görməlidir.

Məsələyə skeptik münasibət göstərənlərdən biri, Finlandiyanın Maliyyə naziri Aleksandr Stabb danışıqların bu mərhələsində Yunanıstanın təqdim etdiyi şərtlərin kifayət olmadığını deyib. O bildirib ki, Avropa liderləri bu mərhələdə Yunanıstandan daha aydın təəhhüdlər və şərtlərin həyata keçiriləcəyinə dəlillər gətirməsini istəyir.

Avropa İttifaqı Yunanıstanın böhrandan çıxmasının müzakirə ediləcəyi 28 ölkənin iştirakı ilə sammiti təxirə salıb. Maliyyə nazirlərinin görüşündən sonra müzakirlər avro valyutasından istifadə edən 19 ölkənin liderlərinin iştirakı ilə məhdudlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi