Avropa Siyasi Birliyinin növbəti sammiti 2027-ci ilin aprelində keçiriləcək
- 12 noyabr, 2026
- 23:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Siyasi Birliyinin 10-cu sammiti 2027-ci il aprelin 15-də İsveçrənin Sürix şəhərində, "The Circle" konfrans mərkəzində keçiriləcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu İsveçrə Prezidenti Gi Parmelin Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Dialoqa və dinc əməkdaşlığa töhfə vermək kimi çoxdankı ənənəmizi davam etdirərək, 10-cu sammitə İsveçrədə ev sahibliyi etmək bizim üçün şərəf olacaq", – o deyib.
Onun sözlərinə görə, İsveçrə qarşıdakı görüşdən iştirakçı ölkələr arasında əməkdaşlığın inkişafı, eləcə də Avropa qitəsində sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmləndirilməsinə dair birgə yanaşmaların hazırlanması üçün istifadə etmək niyyətindədir.
Parmelin vurğulayıb ki, Avropanın qarşısında duran çağırışlar milli sərhədlərlə məhdudlaşmır və ayrı-ayrı dövlətlərin səyləri ilə həll edilə bilməz.
O, həmçinin qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik məsələlərinin müzakirəsi və Avropanın rəqabət qabiliyyətinin artırılması baxımından Avropa Siyasi Birliyinin əhəmiyyətini qeyd edib.