Avropa İttifaqı (Aİ) 2022-ci ildə miqrantların qeyri-qanuni daşınması ilə mübarizəyə yönəlmiş bir sıra əməliyyatlar keçirməyi planlaşdırır və bu əməliyyatlar zamanı 1400-dən çox həbs qətimkan tədbiri seçiləcək.
“Report” xəbər verir ki, bu barədə Brüsseldə yerləşən “Euobserver” onlayn nəşri Aİ-nin 13 noyabr tarixli daxili sənədinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, 59 səhifəlik bu sənəddə 30 hazırlanmış plan haqqında məlumatlar var.
Onların bəziləri Aİ-nin ayrı-ayrı üzv dövlətlərinin himayəsi altında, digərləri isə müvafiq orqanlar, xüsusilə Aİ-nin sərhəd nəzarəti agentliyi Frontex və Avropa Polis Agentliyi (Avropol) tərəfindən həyata keçiriləcək.
Bir sıra planlarda həbslərin sayı, ələ keçirilən saxta sənədlər, toplanmış kəşfiyyat məlumatları və aparılan araşdırmalar kimi illik fəaliyyət göstəriciləri var.
Nəşr qeyd edir ki, Europol Balkan regionu ölkələri, Çin, Türkiyə və Rusiya ilə əməkdaşlıq edəcək. Avstriya, Fransa, Yunanıstan, Almaniya, İtaliya, Polşa, Portuqaliya, İspaniya və Böyük Britaniya öz növbəsində digər dövlətlərin dəstəyi ilə fərdi əməliyyatlara rəhbərlik edəcəklər. Beləliklə, Polşa Belarus, Gürcüstan, Rusiya və Ukraynadan qaçaqmalçılığın qarşısını almağa çalışacaq.