AŞ PA-nın yay sessiyasının üçüncü iş gününda qaçqın və məcburi köçkünlərin problemləri müzakirə edilib

AŞ PA-nın yay sessiyasının üçüncü iş gününda qaçqın və məcburi köçkünlərin problemləri müzakirə edilib Bununla bağlı məruzənin müzakirəsinə Rafael Hüseynov da qatılıb
Digər ölkələr
28 İyun , 2017 19:24
AŞ PA-nın yay sessiyasının üçüncü iş gününda qaçqın və məcburi köçkünlərin problemləri müzakirə edilib
Foto: Report.az

Strasburq. 28 iyun. REPORT.AZ/ Qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlər Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının üçüncü iş günündə bütün məruzələrin ana xəttini təşkil edib.

"Report"un Fransa bürosu xəbər verir ki, “Qaçqınların kəskin böhranlar zamanı inteqrasiyası: mövcud vəziyyətin öyrənilməsi və yaxşı təcrübə nümunələri” adlı məruzənin müzakirəsinə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov da qatılıb.

R. Hüseynov əvvəlcə qaçın və məcburi köçkün faciəsi ilə bağlı Azərbaycanın Avropa Şurasında illərdən bəri mütəmadi olaraq sənədlər hazırladığını, çıxışlar etdiyini, təkliflər irəli sürdüyünü diqqətə çatdıraraq deyib: “Təəssüflər olsun ki, bu, insanların köhnə və sağalmayan pis vərdişlərindəndir. Öz başına gəlməyincə faciənin, dərdin, ağrının haqqında tam dolğunluğu ilə fikirləşə bilmirsən. Yaxud onun doğura biləcəyi yeni təhlükələri nəzərə almırsan, bu barədə düşünməkdə, əməli addımlar atmaqda qətiyyətli olmursan, elə ümumi sözlərlə guya vicdanını sakitləşdirisən. Zənn edirsən ki, mənəvi məsuliyyətdən azad olmaq üçün elə bu da yetər. Bir də onda ayılırsan ki, başqasında görüb biganə qaldığın bəla artıq sənin öz qapını döyür. Bariz nümunə göz önündədir. Bu gün Avropanı ciddi narahatlıqlarla üz-üzə qoymuş qaçqın və miqrant problemi, onların ardı-arası kəsilməyən xaotik axınının yaradığı və yaratmaqda davam edəcəyi yüz cür sıxıntılar silsiləsi artıq hamımızı vadar edir ki, bu haqda ardıcıl müzakirələr aparaq, böhranlı vəziyyətdən çıxış yolları arayaq. İndi 2017-ci ildir, lakin biz - Azərbaycan nümayəndə heyəti qaçqınlığın, miqrasiyaların, terrorizmin, separatizmin necə dəhşətli təmayüllər olduğunu, dərhal təsirli tədbirlər görülməsə hansı fəsadlar ortaya çıxaracağını indi xeyli uzada qalmış 2001-ci ildə qaldırmağa başlamışdıq. Ermənistan və onu dəstəkləyən mürtəce qüvvələrin gerçəkləşdirdiyi deportasiya və işğal siyasəti nəticəsində Azərbaycanda 1 milyona yaxın insan qaçqın və məcburi köçkünə çevriləndə və biz bu məsələni bütün kəskinliyi ilə burada qaldırmağa başlayanda hələ yalnız 1 üzv dövlətlə digər üzv dövlət arasında hərbi münaqişə vardı. Biz səsimizi qaldırırdıq ki, kömək edin, səylərimizi birləşdirək, müştərək mübarizə aparaq, imkan verməyək Avropa Şurası ailəsində belə istənilməz hallar mövcud olsun.

Hər sessiyadakı çıxışlarımızda, hazırladığımız sənədlərdə dönə-dönə bəyan edirdik ki, ayıq olaq, qarşısını almasaq, bir neçə il sonra bu xoşagəlməz nümunə digər üzv ölkələrə sıçrayacaq. Beş il keçdi, 10 il ötdü və Avropa Şurasının çağırışlarımızla bağlı təsirli tədbirlər görməməsi kədərli bəhrələrini verdi. Digər üzv ölkələr arsında hərbi münaqişələr də başlandı, işğal və separatizm də tədricən adiləşdi, qaçqın və köçkünlərin sayı da sürətlə artdı”.

Avropa Şurasını bu gün qitədə ciddi problemə çevrilən qaçqınlıq, terrorizm, separatçılığın belə geniş miqyas almasında müəyyən mənada günahkar olduğunu, vaxtında təsirli addımlar atmadığını vurğulayan Rafael Hüseynov bildirib ki, belə ağır vəziyyətlərin yaranmaması üçün bizdən asılı olan bircə tələb vardı: "Biganə qalmamaq və bu cür problemlərin situasiya gərginləşənə, böhran həddinə çatana qədər həll edilə bilməsinə çalışmaq. Münasib həll üsulu da mövcuddur. Bununçün bircə şey tələb olunur ki, böyük problemlərlə təkbətək qalmış insanları və dövlətləri görəndə sakitcə baxıb keçməyəsən. Özünü onların yerində təsəvvür edərək düyünün açılmasına dərhal mümkün köməyini göstərəsən. Bunları etməyə imkan olduğu halda hərəkətsiz qalanda çox keçmir ki, laqeydliyin cəzası özü səni tapır.

Bu gün Avropa qaçqın və köçkünlərin fasiləsiz axının doğurduğu problemlərlə, addım-addım irəliləyən terrorizmlə, get-gedə daha artıq dirçələn separatizm meyllərilə qarşı-qarşıyadır. Vaxtilə başqalarında müşahidə edilən fəlakətlər asta-asta Avropanın üstünə axır”.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymaq, problemin həllinə nail olmaq üçün cavabdehlik daşıyan qüvvələrin süstlüyünə toxunan R. Hüseynov belə davam edərsə, Avropanın gələcəkdə də daha ciddi problemlərlə üzləşəcəyini söyləyib: “Mənim ölkəmin əhalisinin hər 10 nəfərindən biri 25 ildən artıqdır ki, qaçqın, yaxud məcburi köçkündür. Biz bu faciəyə bütün çalarları ilə ilə bələdik. 25 ildən çoxdur ki, Avropa bizim bu ümdə problemin həllini atır ATƏT-in Minsk qrupunun üzərinə. Minsk qrupununsa illərdir ki, heç bir real, səmərəli nəticəsi görünən fəaliyyəti yoxdur. Belə münasibət davam etdikcə bilin və hazır olun ki, yeni bəlalar Avropaya, üzv dövlətlərə doğru gəlməkdə davam edəcək”.

Son xəbərlər

Orphus sistemi