“Eurasia Group” konsaltinq şirkəti dünyanın 2021-ci ildə qarşılaşacağını düşündükləri əsas riskləri açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, reytinqdə ilk yeri “parçalanmış Amerika” tutub.
Ekspertlərin fikrincə, ABŞ vətəndaşlarının təxminən yarısının dövlət başçısını qeyri-legitim hesab edəcəyi dövr gəlir. Şirkət qeyd edir ki, hazırkı ABŞ Prezidenti Donald Trampın seçki nəticələrini tanımaqdan imtina etməsi Birləşmiş Ştatlar tarixində unikal hadisədir və bu da Amerikanın nə qədər parçalandığını göstərir.
Analitiklərə görə, ikinci ən vacib risk uzanan koronavirus pandemiyasıdır. Qeyd olunur ki, davam edən pandemiya yalnız insanların həyatını deyil, həm də siyasi sabitliyi və qlobal iqtisadiyyatı təhdid edəcək. Peyvəndlərin paylanması bir çox ölkədə narazılığa səbəb olacaq zənginlər və yoxsullar arasında bölünməyə səbəb olacaq.
Reytinqdə üçüncü yerə mütəxəssislər iqlim dəyişikliyinə qarşı mübarizəni qoyub və qeyd ediblər ki, bu sahədəki qlobal əməkdaşlıq rəqabətlə əvəzlənəcək.
Analitiklər ilin əsas riskləri arasında həmçinin Çin ilə ABŞ arasındakı münasibətlərdəki gərginliyin artmasını, məxfi məlumatların digər ölkələrə ötürülməsindəki çətinlikləri, kiberməkanda misilsiz texnoloji və geosiyasi risklərin ortaya çıxmasına səbəb olacaq qarşıdurma yaranma ehtimalını göstəriblər. Bundan əlavə, mütəxəssislər Türkiyə iqtisadiyyatındakı problemləri, aşağı neft qiymətləri səbəbiylə Yaxın Şərq ölkələrinin iqtisadiyyatının zəifləməsini, Almaniya kansleri Angela Merkelin gözlənilən istefasını və bəzi ölkələrdə keçirilən seçkilər və pandemiya səbəbiylə Latın Amerikasında siyasi, sosial və iqtisadi böhranları vurğulayıblar.