Almaniyanın cənub-qərbindəki Saarland əyalətində bu gündən sərt karantin rejimi ləğv olunub.
“Report” yerli hökumətin saytına istinadən xəbər verir ki, martın 25-də verilmiş açıqlamaya uyğun olaraq Pasxa tətili başa çatandan sonra bölgədə kino və konsert salonları, teatrlar, trenajor salonları, həmçinin ictimai iaşə məkanları fəaliyyətini bərpa edib. Sadalanan yerlərə getmək istəyən hər kəs əyalətdə fəaliyyət göstərən 350 mərkəzin birinə gedib keçdiyi testin mənfi nəticəsinə dair sənəd təqdim etməlidir. Həmçinin məkanlara qəbul edilən müştərilərin sayına dair məhdudiyyət qüvvədə qalır.
“Koronavirusa qarşı mübarizədə yeni üsullara əl atmaq istəyirik. Yəni müvəffəqiyyətin yolu peyvəndləmə, testlər, ciddiyyətdən keçir. Pandemiyanın başlamasından bir il keçib, artıq məhdudiyyətlərdən başqa yeni fikirlərə ehtiyac var”, – əyalətin Baş naziri Tobias Haans bildirib.
Qeyd edək ki, Almaniyanın ən yüksək peyvəndləmə faizinə malik bölgəsi olan Saarland son vaxtlar ən az yoluxma qeydə alınan bölgələr arasındadır. Bütövlükdə isə Almaniyada karantin tədbirləri yazda bir qədər yumşaldılıb, məktəblər və uşaq bağçaları, bəzi növ ticarət məkanları açılıb. Hərçənd mart ayından ölkədə yoluxma sayı yenidən artmağa başlayıb ki, ekspertlər bunu daha yoluxucu ştammın yayılması ilə əlaqələndirir.