Almaniyada “Beynəlxalq Sələvi Ənsar Cəmiyyəti” adlı qruplaşmanın fəaliyyəti qadağan olunub.
“Report”un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, 2019-cu ilin əvvəlində cəmiyyət və ona bağlı qruplara qarşı federal polisin 10 fərqli əyalətdə keçirdiyi əməliyyat zamanı xeyli sayda sənəd, audio və videomaterial maddi sübut kimi götürülüb. Həmin maddi sübutlar Federal Kriminalistika Bürosu tərəfindən araşdırılıb. Nəticədə məlum olub ki, cəmiyyət uzun illər Suriyadakı "Əl-Nusra" cəbhəsinə, Fələstində "Həmas"a, Somalidəki "Əl-Şəbbab" terror təşkilatına maliyyə yardımları edib. İz itirmək istəyən cəmiyyət bütün sənədlərdə pul köçürmələrini “humanitar yardım” kimi qeyd edib.
Nazirliyin sözcüsü Steve Alter açıqlamasında bildirib ki, terrorçuluqla mübarizənin ən effektiv üsulu onların maliyyə mənbələrini qurutmaqdır.
“2019-cu ilin aprel ayında bu dini şəbəkəyə geniş bir polis basqın oldu.
“Beynəlxalq Sələvi Ənsar Cəmiyyəti” nin mərkəzi Düsseldorf şəhərində olsa da, digər 9 əyalətdə cəmiyyətin geniş şəbəkəsi, xüsusilə ona bağlı cəmiyyətlər mövcud idi. Maddi sübut kimi ələ keçirilən sənədlərin yoxlanılması zamanı məlum olmuşdu ki, cəmiyyət təkcə Şimali Reyn Vestfaliya əyalətində 90-dan çox obyektdən aylıq xərac yığır”, – S.Alter vurğulayıb.
Almaniya mətubatındakı xəbərlərə görə, “Beynəlxalq Sələvi Ənsar Cəmiyyəti”nə Afrika ölkələri ilə yanaşı, Ermənistan, Suriya, Livan, İrodaniya kimi Cənubi Qafqaz və ərəb ölkələrinin Almaniyada yaşayan vətəndaşları maliyyə yardımı ediblər.
Həmin şəxslərin müəyyən olunaraq istintaqa cəlb edilməsi yönündə Federal Baş Prokurorluq tərəfindən aparlan araşdırmalar davam etdirilir.