Almaniyanın paytaxtı Berlində İrandakı hakimiyyətin istefası tələbi ilə keçirilən yürüş-mitinqi gecə saatlarına kimi davam edib.
“Report”un Avropa bürosunun məlumatına görə, yürüş-mitinqi Berlinin “Böyük Ulduz” ("Großer Stern") meydanından start götürüb. Mitinqdə İrandakı hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndirilib, hazırda həbsdə olan fəalların dərhal azadlığa buraxılması tələb olunub.
Yürüş-mitinqində Almaniyada yaşayan azərbaycanlılar da fəal iştirak ediblər. Uzun illərdir Almaniyada yaşayan aktivist Fərhad Məcidzadə bildirib ki, İrandakı hakimiyyət ölkəni yaşanmaz vəziyyətə gətirdiyindən, hər il minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalır: “Basqıcı rejimin əlindən bezmişik. 22 yaşlı Məhsa Əmininin baş örtüyünə görə amansızcasına qətlə yetirilməsi son hədd idi. Artıq bundan sonra hakimiyyət İrandakı etirazların qarşısını ala bilməyəcək. Hökumətin istefasına nail olana qədər həm İranda, həm də kənarda etiraz yürüş-mitinqlərini davam etdirəcəyik. İstəyirik ki, məmləkətimizdə demokratik hökumət olsun”.
Onun sözlərinə görə, keçən həftə də paytaxt Berlində minlərlə insanın iştirakı ilə 22 yaşlı Məhsa Əminin İran əxlaq polisi tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçiriblər: “Həmin aksiyaya gözlədiyimizdən də çox insan gəlmişdi. Qərara gəldik ki, şəhər rəhbərliyinə yenidən yürüş-mitinqi üçün müraciət edək. Sağ olsunlar, müraciətimizi qəbul etdilər və bizə Berlinin “Böyük Ulduz” ("Großer Stern") meydanında yer ayrıldı. Bugünkü yürüş-mitinqinə təkcə Almaniyada yox, Avropanın digər ölkələrində yaşayan həmvətənlərimiz də qoşulub”.
F.Məcidzadə qeyd edib ki, növbəti yürüş-mitinqlərini Avropanın digər şəhərlərində keçirməyi planlaşdırırlar.