Almaniyada 17 yaşlı Suriya vətəndaşı mindiyi tramvayda irqçi hücuma məruz qalıb.
“Report”un Avropa bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Türingiya əyalətinin Erfrut şəhərindəki bir tramvayda qeydə alınıb.
17 yaşlı suriyalı gəncə yaxınlaşan 39 yaşlı alman əvvəlcə ondan tramvaydan enməsi üçün qapını açmasını tələb edib. Daha sonra onu təhqir edərək, üzünə tüpürüb. Bununla kifayətlənməyən 39 yaşlı alman suriyalı gəncin başına ayağı ilə zərbələr endirməyə başlayıb. Ən sonda suriyalı gəncin telefonunu əlindən alaraq yerə çırpıb və qaçaraq uzaqlaşıb.
Erfrut şəhər Polis İdarəsindən bildirilib ki, qaçan şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hadisə ölkədəki siyasi partiya funksionerlərinin kəskin etirazına səbəb olub. Onlar Daxili İşlər Nazirliyindən neo-nasist qruplarla bağlı sərt qanuni tədbirlərin görülməsini tələb ediblər.
Məlumat üçün bildirək ki, keçən il Almaniyada 6 mindən çox şəxs irqi və siyasi motivli hücuma məruz qalıb. Almaniya İrqçiliklə Mübarizə Agentliyinin məlumatına görə, onlardan 14-ü Azərbaycan Respublikasının vətəndaşları olublar.